Fərmanlar və Sərəncamlar

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının təsdiq edilməsi barədə

Avro-Atlantika məkanının inteqrasiyanın özünün strateji məqsədlərindən biri hesab edən Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində bu prosesdə fəal iştirak edir. Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin may ayının 4-də
NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının Çərçivə Sənədini imzalamaqla ölkəmizin  Avro-Atlantika məkanına qovuşması istiqamətində mühüm bir prosesin başlanğıcını qoymuşdur. Ötən dövrdə Azərbaycan Respublikası NATO ilə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı operativ hərbi uzlaşma, böhranların idarə olunması və sülhməramlı əməliyyatlarda iştirak qabiliyyətinin artırılması istiqamətində müxtəlif əməkdaşlıq mexanizmlərində fəal iştirak etmiş, eyni zamanda əməkdaşlığın formalaşmasına daim öz töhvəsini verərək bu istiqamətdə milli vasitələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək  tədbirləri haqqında” 1997-ci il 14 noyabr tarixli 692 nömrəli Sərəncamı ilə Komissiya yaradılmış, sonrakı illərdə onun tərkibi genişləndirilmişdir. Azərbaycan Respublikası tərəfdaşlığı qarşılıqlı təhlükəsizlik maraqları ilə yanaşı, ortaq dəyərlər söykənməsi mövqeyindən çıxış edərək demokratik, hüquqi dövlətçiliyin və möhkəm müdafiənin qurulması istiqamətində hərtərəfli islahatlara başlamışdır. Təhlükəsizlik baxımından mürəkkəb vəziyyətdə olan ölkəmiz təhlükəsizlik sektorunun islahatı sahəsində ardıcıl tədbirlər görür. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupu yaradılmışdır və həmin qrup bu istiqamətdə səylərini davam etdirir. Ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının, effektiv dövlət idarəçiliyinin bərqərar olunması və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi yolu ilə milli təhlükəsizliyinin təmin edilməsi və bununla Avro-Atlantika təhlükəsizliyinə töhfə verilməsi istiqamətində NATO və onun  üzv olan dövlətlərlə həyata keçirilən tərəfdaşlığın sistemləşdirən bir əməkdaşlıq mexanizmi kimi NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının Təqdimat Sənədini NATO -nun Şimali Atlantika Şurasına təqdim etmişdir. Təqdimat sənədində əks olunan məqsədlərə çatmaq üçün özündə konkret addımları əks etdirən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı 2005-ci il may ayının 27-də NATO-nun Şimali Atlantika Şurası tərəfindən təsdiq edilmişdir.
Bütün bunları nəzərə alaraq qərara alıram:
  1. Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı təsdiq edilsin (əlavə edilir ) və dərhal onun yerinə yetirilməsinə başlanılsın.
  2. Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının yerinə yetirilməsinin təmin olunması Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyaya tapşırılsın.
  3. Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyaya tapşırılsın ki, bir ay müddətində Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının yerinə yetirilməsi üzrə tədbirləri müəyyənləşdirib təsdiq etsin.
  4. Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının yerinə yetirilməsi üzrə NATO ilə NATO-nun üzvü olan dövlətlərlə əlaqələrin həyata keçirilməsi və bununla bağlı koordinasiya işinin təmin edilməsi Azərbaycan Respublikaısnın Xarici İşlər Nazirliyinə tapşırılsın.
  5. Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyaya tapşırılsın ki, Planın yerinə yetirilmə vəziyyəti barədə ildə iki dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məruzə etsin.
  6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının yerinə yetirilməsinin maliyyə və digər təminatı üçün lazımi tədbirləri həyata keçirsin.

                                                                                                                       İlham Əliyev
                                                                                                                     Azərbaycan Respublikasının Prezidenti
      Bakı şəhəri, 3 avqust 2005-ci il
      № 937