Sülh və Təhlükəsizlik Naminə Elm proqramı (SPS) layihəsi çərçivəsində keçirilmiş tədbir

30 Dekabr 2019

2019-cu ilin 16-28 dekabr tarixlərində AR Müdafiə Nazirliyinin dəstəyi ilə BATM-da NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm proqramı (SPS) layihəsi çərçivəsində Dövlət Təhlükəsizliyi Xidməti ilə yanaşı, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Miqrasiya Xidməti, Asan Xidmət və Milli Elmlər Akademiyasının əməkdaşlarına NATO-nun mütəxəssisləri tərəfindən “Təkmilləşdirilmiş kibertəhlükəsizlik” mövzusunda təlim kursu keçirilmişdir.

Tədbirdə fəxri qonaqlar qismində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının vitse-prezidenti Orxan Muradoğlu, AR Müdafiə Nazirliyinin Hərbi təhsil idarəsinin rəisi general-mayor Vasif Kazımov və idarə rəisi polkovnik Vüqar Hüseynov iştirak etmişlər. Kursda təqdim olunan biliklər və müzakirə edilmiş mövzular kibertəhlükəsizlik sahəsində çalışan orta və yüksək səviyyəli mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Tədbirin gedişatında Tubitak Bilgem Kiber İnstitutunun direktoru Mustafa Dayıoğlu ilə görüş keçirilmiş, söhbət əsnasında sonuncu Türkiyənin Müdafiə Nazirliyi, Müdafiə Sənayə Nazirliyi və digər dövlət strukturları ilə əməkdaşlıq etdiklərini, həmin qurumların kibertəhlükəsizlik sahəsində mövcud olan problemlərin həlli istiqamətində fəaliyyət göstərdiklərini, bu baxımdan AR Müdafiə Nazirliyi ilə yanaşı Dövlət Təhlükəsizliyi Xidmətilə də əməkdaşlıq etmək arzusunda olduğunu bildirmişdir.

Tədbirin sonunda iştirakçılara beynəlxalq səviyyəli sertifikatlar təqdim edilmişdir.