Beynəlxalq antiterror təlim mərkəzində “NATO günləri”

15 Oktyabr 2019

15 oktyabr 2019-cu il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq antiterror təlim mərkəzində “NATO günləri” mövzusunda NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahında Tərəfdaşlıq İdarəsinin rəisi, kontr-admiral Bülent Turanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə ABŞ, Almaniya, İngiltərə, Rumıniya, Kanada ilə yanaşı, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri iştirak etmişlər.

Toplantıda “NATO bu gün və gələcəkdə”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun Havadan Erkən xəbərdarlıq sistemi”, “Media Əməliyyatları” mövzularında məruzələr dinlənilmiş, müzakirələr aparılmış, təkliflər, eləcə də tövsiyələr səslənmişdir.

NATO-nun nümayəndə heyəti və DTX BATM-ın rəhbərliyi arasında əməkdaşlığın əsas istiqamətləri üzrə müzakirələr aparılmış, terrorçuluğa və kibercinayətkarlığa qarşı mübarizə sahəsində ixtisaslaşmış təlim mərkəzləri ilə əlaqələrin qurulması, həmçinin əməkdaşlarımız üçün həmin mərkəzlərdə təlimlərin təşkil olunması ətrafında fikir mübadiləsi aparılmışdır. NATO-nun nümayəndə heyəti tərəfindən təkliflər böyük maraqla qarşılanmış və yaxın zamanda tərəflər arasında qeyd olunan məsələlərə dair danışıqların davam etdirilməsi razılığına gəlinmişdir.

Daha sonra, "NATO günləri" çərçivəsində Bülent Turan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik cənab Zakir Həsənovla görüşlər keçirmişdir.