Avropa İttifaqı ilə əməkdaşlıq

17 Yanvar 2020

2020-ci ilin 13-16 yanvar tarixlərində DTX-nin Beynəlxalq antiterror təlim mərkəzində Avropa İttifaqının təşkilatçılığı, həmçinin Avropa təhlükəsizlik və Müdafiə Kolleci, Avstriya Respublikasının Müdafiə Nazirliyi, İspaniya Krallığının Müdafiə Nazirliyi və İrlandiyanın Maynus Universitetinin dəstəyi ilə Avropa İttifaqının Vahid Təhlükəsizlik və Müdafiə Siyasəti üzrə "Münaqişələrin təhlili", "Terrorçuluq", "Kibertəhlükəsizlik", "Qonşuluq siyasəti", "Təhlükəsizlik problemləri", "Miqrasiya" mövzularında kurs keçirilmişdir.

Kursun məqsədi hərbi və mülki mütəxəssislərin Avropa İttifaqının Vahid Təhlükəsizlik və Müdafiə Siyasəti sahəsində fəaliyyəti barədə biliklərini artırmaq və fövqəladə halların idarə olunması üçün müvafiq bacarıqlarını gücləndirmək olmuşdur. Tədbirdə İspaniya, Belçika, Avstriya, Slovakiya, İtaliya, Fransa, Rumıniya, Almaniya, İrlandiya, İsveç, Ukrayna, Moldova, Gürcüstandan olan nümayəndələrlə yanaşı, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyinin əməkdaşları iştirak etmişlər.

Mərasimdə fəxri qonaqlar qismində Avstriya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Bayerl, Avropa İttifaqının nümayəndələri- Denis Danilidis, Yoxen Rehri və İspaniyanın Müdafiə Nazirliyinin əməkdaşı Visent Diaz de Villeqas təmsil olunmuşlar.

Beynəlxalq antiterror təlim mərkəzinin rəhbərliyi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant cənab Əli Nağıyev adından qonaqları salamlamış və Avropa İttifaqının BATM-la əlaqələrinin daha da inkişaf edəcəyinə və bu əlaqələrin beynəlxalq səviyyəli tədbirlərin birgə keçirilməsində mühüm əhəmiyyət kəsb edəcəyinə ümidvar olduğunu bildirmişdir.

Tədbirin sonunda kurs iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.