Təlim Mərkəzi haqqında

    Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur. Azərbaycan Sülh naminə Tərəfdaşlığın prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, əməliyyatlarda iştirak, Əfqanıstana töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və s. kimi aktual məsələlər müzakirə olunur və onlara dair fikir mübadiləsi aparılır. Qarşılıqlı anlayışa əsaslanan, yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlıq sahəsində tərəqqini təşviq edir.

Məqsəd

    Azərbaycan bmt Çərçivə Sənədi, eləcə də ikitərəfli əməkdaşlığı nəzərdə tutan sənədlərdə əks olunmuş məqsəd və prinsiplərin yerinə yetirilməsi üçün NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal istifadə edir. Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarı ilə Azərbaycanın SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (2004) öz əksini tapır. Bu sənədlərdə Azərbaycan Respublikası müdafiə və təhlükəsizlik sektorunda islahatlar, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, enerji təhlükəsizliyinin təmini, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, eləcə də elm, ətraf mühit və ictimai diplomatiya sahələrində NATO ilə əməkdaşlıq niyyətini ifadə etmişdir.

Vəzifələr

Terrorçuluğun və transmilli mütəşəkkil cinayətkarlığın digər təzahür formalarının qarşısının alınması, onların üsul və metodları barədə müxtəlif təlim və kursları təşkil edir, bu istiqamətdə digər zəruri tədbirləri həyata keçirir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində DTX əməkdaşlarının NATO-nun xarici ölkələrdə yerləşən müxtəlif tədris müəssisələri tərəfindən keçirilən tədbirlərdə təmsil olunması üzrə fəaliyyəti koordinasiya edir.
Terrorçuluqla mübarizəyə dair müvafiq saziş və müqavilələrə, habelə təsdiq olunmuş tədbirlər planlarına əsasən antiterror təlimləri üzrə əməkdaşlığı və bu istiqamətdə fəaliyyətin əlaqələndirilməsini təşkil edir, bağlanmış sazişlərdən, müqavilələrdən, protokollardan, habelə təsdiq olunmuş tədbirlər planlarından irəli gələn vəzifələrin icrasını aidiyyəti üzrə təmin edir.
Antiterror təlimlərinin həyata keçirilməsi məqsədilə xarici tərəfdaşlar və rəsmi nümayəndəlikləri ilə işgüzar əlaqələr yaradır.
Terrorçuluğa qarşı mübarizə məsələləri ilə əlaqədar keçirilən monitorinqlərdə, respublika müşavirələrində və beynəlxalq tədbirlərdə iştirak edir, xarici tərəfdaşlarla məlumat mübadiləsini aparır.
Terrorçuluqla mübarizə və DTX-nin marağında olan təlim sahələrində təcrübə mübadiləsini təşkil edir.
Terrorçuluqla mübarizə sahəsində milli qanunvericilik aktlarından və beynəlxlaq hüquqi sənədlərdən irəli gələn müddəaları mütəmadi olaraq öyrənir, yeni hüquqi aktların hazırlanmasında iştirak edir.
Mərkəzdə taktiki və fiziki təlimlər təşkil edir.