Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) beynəlxalq tərəfdaşlarla, dünyanın 51 ölkəsinin 77 xüsusi xidmət, təhlükəsizlik, hüquq-mühafizə orqanı ilə qlobal təhdidlərə, terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa qarşı çoxtərəfli və ikitərəfli formatda əməkdaşlıq edir.
Belə ki, DTX Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin xüsusi xidmət və təhlükəsizlik orqanları rəhbərləri Şurasının və Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının üzvüdür. Həmin təsisatlar çərçivəsində terrorçuluq, iqtisadi cinayətkarlıq, kibercinayətkarlıq, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi, beynəlxalq nəqliyyat daşımalarının təhlükəsizliyi və digər sahələrdə fəaliyyətlər əlaqələndirilir və regional təhlükəsizliyə aid müxtəlif məsələlər müzakirə olunur. 
Bununla yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti Xüsusi xidmət, təhlükəsizlik və hüquq-mühafizə orqanları rəhbərlərinin Müşavirəsində, MDB-yə üzv dövlətlərin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin Müşavirəsində, habelə digər müxtəlif beynəlxalq qurumların, o cümlədən BMT-nin, ATƏT-in, Avropa Şurasının, Avropa Birliyinin, RATS-ın tədbirlərində mütəmadi iştirak edir.
Bundan başqa, son dövrlərdə bir necə ölkələrlə təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Xarici dövlətlərin xüsusi xidmət, təhlükəsizlik və hüquq-mühafizə orqanları ilə imzalanmış ikitərəfli sazişlər əməkdaşlığın inkişafında mühüm rol oynayır və bu istiqamətdə işlər davam etdirilir.